BAKI, 18 mart — Sputnik. Novruz bayramının qeyd edildiyi günlərdə "Bakı Metropoliteni" QSC-nin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək. Bu barədə Sputnik Azərbaycan-a qurumdan bildirilib.
Məlumata görə, 19-22 mart tarixlərində şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub.
Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.
Sonda qeyd edək ki, martıın 19-20-də metropolitenin "İçərişəhər" stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də "İçərişəhər" stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.
***
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir.
Məlumata görə, nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.