BAKI, 18 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
Bu barədə Kremlin saytı məlumat yayıb.
Bildirilir ki, iki ölkə lideri telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib”, - deyə məlumatda qeyd edilib.
Prezident Vladimir Putin Fransa prezidentinə bildirib ki, xüsusi əməliyyat zamanı RF Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək üçün əlindən gələni edir və humanitar dəhlizlər təşkil edir.
“Rusiya Prezidenti bir daha qeyd edib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək üçün mümkün olan hər şeyi edir, o cümlədən onların təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlər təşkil edir”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Putin Ukrayna təhlükəsizlik qüvvələrinin və millətçilərin gündəlik törətdiyi çoxsaylı hərbi cinayətlərə, xüsusən də Donbass şəhərlərinin kütləvi raket və artilleriya atəşinə tutulmasına diqqət çəkib.
Putin və Makron Moskva və Kiyev arasındakı danışıqları da müzakirə ediblər. Rusiya prezidenti mümkün razılaşmaların inkişafı üçün prinsipial yanaşmaları açıqlayıb.
"Vladimir Putin və Emmanuel Makron Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların vəziyyətini də müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfinin mümkün razılaşmaların inkişafı ilə bağlı prinsipial yanaşmaları açıqlanıb", - Kremlin məlumatında bildirilir.
Bundan əlavə, liderlər əlaqələri davam etdirməyə razılaşıblar.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.