BAKI, 7 mart — Sputnik. Ombudsman ödənişli parklama yerləri üçün "Vahid parklama kartı" sisteminin tətbiq edilməsini təklif edib. Belə ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq. Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Sputnik Azərbaycan "Vahid parklama kartı"ndan istifadənin sürücülərə hansı imkanlar yaradacağını araşdırıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ödənişli parklanma yerləri üçün 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" sisteminin tətbiqi təklif olunub:
"Nağdsız əməliyyatların aparılması üçün bir çox yerlərdə bununla bağlı dövlət siyasəti həyata keçirilir. Eyni zamanda ictimai nəqliyyatda da uzun müddətdir ki, kartla gediş haqqı ödənilir. Biz bunun parklanmada da tətbiq olunmasını istəyirik. Odur ki, Ombudsman Səbinə Əliyeva "Vahid parklama kartı" nın tətbiqi üçün təkliflə çıxış edib. "Vahid parklama kartı" ndan istifadə vətəndaşa abunə paketi götürməyə imkan verəcək. Vətəndaşlar ödənişli parklanma yerlərinə daxil olduqda bu kartlardan istifadə edə bilsinlər. Bu qiymət baxımından vətəndaşa sərfəli olacaq. Eyni zamanda sürücülərə rahatlıq yaradacaq. "Vahid parklama kartı" nda 24 saatlıq abunəçilərə güzəştlər təqdim ediləcək".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu təklif yenilik kimi görünsə də, Bakı şəhərində vahid parklanma kartı kimi kartlar var: " Xüsusən də yeraltı parkinqlərdə belə bir sistem tətbiq edilir. "Qış Parkı və ya Azadlıq Meydanı yaxınlığında olan parkinqlərə yaxınlaşıb həmin ərazidə yaşamağınız və ya işləməyinizlə bağlı hər hansı bir sənəd təqdim etsəniz, sizə aylıq bir kart verirlər və o kart vasitasilə ödənişinizi günlük qiymətin üçdəbiri səviyyəsində edirsiniz.
Ombudsman təklif edir ki, vahid bir kart tətbiq edilsin və bu kart hər yerdə keçərli olsun. Bunun özü parklanma ilə bağlı maraqlı bir faktordur. Əksər xarici ölkələrdə bu sistemdən istifadə olunur. Hər halda, Ombudsman Səbinə Əliyeva da bunu nəzərə alaraq belə bir təklif verib. İnnovativ yeniliklər hər zaman diqqət çəkir, maraq cəlb edir və bu barədə elə qərarlar qəbul etmək lazımdır ki, səhv olmasın. Sistem tətbiq ediləcəksə, bunu təkmil formada etmək lazımdır ki, sonra üstündən xətt çəkilməsin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.