BAKI, 17 mart — Sputnik. Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.
Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib.
Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir.
Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur.
Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.
878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.