İQTİSADİYYAT

Regionlara verilən güzəştli kreditlər kəskin artıb

Cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub
Sputnik
BAKI, 17 mart — Sputnik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Bu ilin ötən dövründə Fond tərəfindən sahibkarlıq subyektlərinin 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.
Cari ilin ötən dövrü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin təsnifatında istehsal, emal və xidmət sahələri xüsusi yer tutub. Güzəştli kreditlərin layihə sayı üzrə 92,8%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 5,9%-i sənaye məhsullarının istehsalı və emalı, 1,3%-i isə xidmət sahələrinin inkişafının payına düşüb. Kreditlərin məbləğ üzrə 36,1%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 15%-i sənaye məhsullarının istehsalı və emalı, 48,9%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.
Bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərdə regionların payı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, kreditlərin layihə sayı üzrə 0,7%-i Bakı şəhəri, 99,3%-i isə digər regionların payına düşüb. Məbləğ üzrə kreditlərin 0,3%-i Bakı şəhərində, 99,7%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.
Qeyd edək ki, 2022-ci ildə güzəştli kreditlərin verilməsində aqrar sektorda istehsal və emal, qeyri-neft sənayesi sahələrinin inkişafı, turizm, tikinti, qədim xalq sənətinin müxtəlif istiqamətlər üzrə inkişafı, startaplar, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və s. sahələrin inkişafına xidmət edən layihələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub.
Bundan əlavə, bu ildən etibarən Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar da müəyyəşdirilib.
Bu meyarlara əsasən, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ətraf mühit, sosial və korporativ idarəetmə faktorlarına əsaslanan, idxaləvəzləyici və ixrac yönümlü istehsal və emala yönələn və s. biznes layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanın bank sektorunun aktivləri regionda ən keyfiyyətlisidir - BVF