BAKI, 17 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən birində əsgər meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, martın 16-da saat 21:10-da Ermənistanın cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Albert Levonoviç Siroyanın (2002-ci il təvəllüdlü) çənəsində güllə yarası ilə meyiti aşkar edilib.
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
Ermənistan Müdafiə Nazirliyi sərhədin cənub-şərq istiqamətində hərbçinin həlakının Azərbaycan Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmadığı barədə məlumat yayıb.
Xatıraladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanması barədə məlumat yaymışdı. Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.