CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti obyektinin istismarına icazə verilməsi qaydası dəyişdirilib

Azərbaycanda tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilib.
Sputnik
BAKI, 16 mart - Sputnik. Tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Beləliklə, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni – 102.4-3-cü maddənin əlavə edilir. Bu, Məcəllənin indiyə qədər qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır. 102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir
Əlavə edilən 102.4-3-cü maddəyə əsasən, göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə ediləcək. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Tikinti materialları bazarında qiymətlər kəllə-çarxda - Şirkətlər behi geri qaytarır