BAKI, 16 mart — Sputnik. Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində E.Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı olaraq səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında cari il martın 15-22-də Azərbaycandan olan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin Türkiyənin Çanakkala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.
Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.
Hazırda Türkiyənin ali təhsil müəssisələrində 25 mindən çox azərbaycanlı tələbə təhsil alır.
Bunu Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Nihat Büyükbaş "Kosmosda gələcək, gələcəkdə kosmos" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı isə 3 mini ötüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.