Vida mərasimində kinorejissorun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Mərhumun cənazəsi Nizami Kino Mərkəzinin matəmsayağı bəzədilmiş böyük səhnəsində postament üzərinə qoyulub. Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına müxtəlif təşkilatlar adından da əklillər düzülüb.
Vida mərasimini Xalq yazıçısı və Rüstəm İbrahimbəyovun dostu Çingiz Abdullayev aparıb.
Xalq artisti Fərhad Bədəlbəyli, Xalq yazıçısı Anar, Xalq rəssamı Fərhad Xəlilov vida mərasimində Rüstəm İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər.
Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda, qardaşı – Xalq yazıçısı, dramaturq və kinorejissor Maksud İbrahimbəyovun məzarının yaxınlığında torpağa tapşırılıb.
Rüstəm İbrahimbəyov 1939-cu ildə fevralın 5-də Bakıda doğulub.
Orta məktəbi bitirdikdən sonra 1956-1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb, 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında əmək fəaliyyətinə başlayıb.
Gənc yaşlarından ədəbiyyat və kino incəsənətinə böyük maraq göstərib, Rüstəm İbrahimbəyov 1967-ci ildə Moskvada Ali Ssenari kurslarını, 1974-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutu yanında Ali Rejissorluq kurslarını bitirib.
Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi.
Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi.
Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atası ilə vida mərasimində
Emin Ağalarov Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində.
Rüstəm İbrahimbəyov Azərbaycan xaricində də tanınıb.
O, müasir Azərbaycan ədəbiyyatı və kinematoqrafiyasının görkəmli nümayəndələrindən biridir.
Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilib.
Ssenarist və rejissor kimi Rüstəm İbrahimbəyova kinematoqrafiyanın inkişafında da xidmətləri var. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və digər filmlər ona böyük şöhrət gətirib və yüksək mükafatlara layiq görülüb.
Rüstəm İbrahimbəyov 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib.
Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirib.
1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.