BAKI, 15 mart — Sputnik. "Qonşu ölkələrdə cərayan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: "Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir".
Xatırladaq ki, Azərbaycan XİN-in ötən gün yaydığı açıqlamada qeyd olunub ki, vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub.
Nazirlikdən o da qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.