İQTİSADİYYAT

Nazir "Masdar"la imzalanan sənədin əsas istiqamətlərini açıqladı

Şahbazovun sözlərinə görə, ilk növbədə, "Masdar" şirkəti ilə Kəlbəcər-Laçın zonasında istiqamətində ən azı 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi imkanları araşdırılacaq.
Sputnik
BAKI, 15 mart — Sputnik. Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və BƏƏ-nin "Masdar" şirkəti arasında imzalanan "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" üç istiqaməti əhatə edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, ilk növbədə, "Masdar" şirkəti ilə Kəlbəcər-Laçın zonasında istiqamətində ən azı 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi imkanları araşdırılacaq.
Bundan əlavə, nazirin sözlərinə görə, Qarabağda yerləşən evlərin üzərində günəş panellərinin yerləşdirilməsi həllərinin axtarıb tapılması məsələsi də bu memoranduma daxildir.
"Memorandum çərçivəsində "Masdar" şirkəti ilə Qarabağda ən azı 200 MVt olan günəş stansiyasının tikintisi imkanlarını araşdıracağıq. Bu, gələcəyə yönəlmiş addımlardır. Bu istiqamətdə birgə işləyəcəyik", - nazir əlavə edib.
P. Şahbazov onu qeyd edib ki, Qarabağ regionunda tikiləcək elektrik stansiyaları alternativ və bərpa olunan enerji mənbələrinə əsaslanacaq.
Qeyd edək ki, bu gün Azərbaycan və BƏƏ-nin "Masdar" şirkəti arasında dörd sənəd imzalanıb. İmzalanan sənədlər arasında "Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu", "Bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu", "Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu" və "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" yer alıb.
Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ "Masdar" şirkəti tərəfindən təmin olunacaq. Burada istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan BƏƏ ilə yeni sənədlər imzalayıb