BAKI, 15 mart - Sputnik. Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Ukraynaya humanitar dəstək
Qeyd edək ki, Azərbaycan Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün keçirilən xüsusi hərbi əməliyyatlardan zərər çəkmiş əhaliyə humanitar yardım və tibbi ləvazımatlar göndərməyə başlayıb.
"SOCAR Energy Ukraine"nin yanacaqdoldurma məntəqələri Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar olaraq təcili yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə məxsus avtomobilləri pulsuz yanacaqla təchiz edir.
Bu barədə qərar Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevdən yanacaqla bağlı xahişlərindən sonra verilib. Zelenski İlham Əliyevə humanitar dəstəyə və tibbi yardıma görə təşəkkür edib.
Ukrayna səfiri Vladislav Kanevski də humanitar yardımla əlaqədar Azərbaycana təşəkkür edib.
Səfir Twitter səhifəsində yazıb ki, Ukrayna təcili vacib humanitar yardımlar - dərman və tibbi ləvazimatlar almağa başlayıb.
“Biz Ukraynaya praktik dəstəyə görə dost Azərbaycana təşəkkür edirik”, - deyə səfir qeyd edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.