Qobustan rayonunda əsən güclü külək və yaranmış qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayondakı çoxsaylı fermer təsərrüfatlarını əhatə edib.Baş verən hadisə nəticəsində rayonun Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilminli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 400 hektara yaxın taxıl sahəsi qasırğadan zərər görüb.
Ərəbqədim kənd sakini Eynulla Sahibov deyir ki, baş verən külək səbəbindən əkin sahələri məhv olub. Qasırğa bir ərazidən torpaq qatını digər taxıl sahəsinə aparıb. Nəticədə hər iki sahədə olan məhsul yararsız hala düşüb.
Qasırğa səbəbindən əkin sahələri qalın qum qatı ilə örtülüb, torpaq üzərində qalan bitkilər isə ciddi zədələnib. Bəzi ərazilərdə baş verən qasırğa və güclü külək nəticəsində taxıl bitkiləri kökündən çıxaraq məhv olub.
Ərəbqədim kənd sakini 70 yaşlı Ağababa Cavadov deyir ki, belə hadisənin ilk dəfə şahidi olub: "Kəndimizdə əkinə yararlı 3400 hektar sahə var. Payız mövsümündə bu ərazilərin hamısında taxıl əkilmişdi. Güclü külək, qasırğa nəticəsində həmin səhələrin 20%-i ciddi zərər görüb."
Yerli fermerlər hadisə nəticəsində əkin sahələrində məhsulun qismən və ya tamamilə məhv olması ilə üzləşiblər. Böyük zərərə düşdüklərindən, onlar baş verən hadisə barədə Aqrar Sığorta Fonduna müraciət ediblər.
Nihad Sahibov da Ərəbqədim kənd ərazisində 50 hektar taxıl əkdiyini deyir. Amma təəssüf ki, 50 hektardan 14 hektarı sığortalada bilib: "Baş verən güclü külək nəticəsində bizim əkin sahələrimizə ziyan dəydi. Biz sığorta şirkətinə məlumat verdik. Onlar gəldilər, ilkin baxış keçirdilər, qiymətləndirdilər. Ümid edirik ki, sığorta pulumuz veriləcək, bizə köməklik göstəriləcək. Sığortalanmayan yerlərimizin əziyyəti isə özümüzə qalacaq".
Hadisənin nəticələri ilə tanış olmaq və sığorta hadisəsini araşdırmaq məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi, fondun hadisələrin araşdırılması və tənzimlənməsi şöbəsinin əməkdaşları, eləcə də bitkiçilik üzrə müstəqil aqrar sığorta ekspertləri rayonda sığorta hadisəsi baş verən əkin sahələrinə baxış keçirib, əkin sahələrini sığortalamış fermerlərlə görüşüblər.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov deyir ki, Qobustan rayonunda 6400 hektar əkin sahəsi sığorta edilib, bunun bir hissəsi qasırğadan zərər çəkib.
İlkin müraciətlərə və məlumatlara əsasən, ümumilikdə 400 hektar əkin sahəsi qasırğadan zərər çəkib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində fermerlərə dəyən zərərin məbləği 400 min manat ətrafındadır. Baş verən hadisə qanunda nəzərdə tutulan prosedurlara uyğun araşdırılacaq, fermerlərə dəyən zərər müəyyən ediləcək və ona uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur.
Qarşıdakı günlərdə müstəqil aqrar sığorta ekspertləri tərəfindən hadisədən zərər dəyən ərazilərdə araşdırma və zərərin qiymətləndirilməsi işləri aparılacaq Bu işlər başa çatdıqdan sonra dəyən zərərlərin qarşılanması üçün qanunvericiliyə uyğun addımlar atılacaq.
ASF-nin rəhbəri fermerləri belə hallarda zərərlə üzləşməmək üçün aqrar sığortadan faydalanmağa çağırıb: "Aqrar sığorta mexanizminin əhatə etdiyi risklər sırasında qasırğa və fırtına da yer alır. Fermerlər böyük zəhmət hesabına becərdikləri əkinlərin məhv olması nəticəsində zərərlə üzləşməmək üçün dövlətin onlara yaratdığı bu imkandan faydalanmalıdır".