RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Pyotr İliçev: Ukrayna üzrə Minsk razılaşmalarının bərpası mümkün olmayacaq

Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev Ukraynada nizamlanma prosesi, Rusiyanın Ukraynaya BMT sülhməramlılarının göndərilməsinə razı olub-olmayacağı barədə sualları cavablandırıb.
Sputnik
BAKI, 14 mart — Sputnik. Kiyev uzun illərdir ki, Minsk razılaşmaları üzrə öhdəliklərini sabotaj edir, hazırda Moskva onların bərpası imkanını görmür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev RİA Novosti agentliyinə müsahibəsində deyib. Diplomat Ukraynada nizamlanma prosesinin nədən asılı olmasından, Moskva ilə Kiyev arasında mümkün razılaşmanın BMT Təhlükəsizlik Şurasının təsdiqini tələb edib-etməyəcəyindən danışıb və Rusiyanın Ukraynaya BMT sülhməramlılarının göndərilməsinə razı olub-olmayacağı sualına cavab verib.
- Rusiya Kiyevin BMT sülhməramlılarının Ukraynaya göndərilməsi ilə bağlı yenidən irəli sürülən təşəbbüsü ilə razılaşacaqmı? Onlar gedən ATƏT müşahidəçilərini əvəz etməlidirlərmi? BMT Təhlükəsizlik Şurasında məsələ qaldırılarsa, Moskva bunun əleyhinə səs verəcəkmi?
- Bu məsələ hələ nə BMT Təhlükəsizlik Şurasının, nə də başqa beynəlxalq platformaların gündəliyində deyil. Xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrinə uyğun olaraq vəziyyətə tam şəkildə Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarət edildiyini nəzərə alsaq, belə bir qərar üçün heç bir əsas görmürük.
Yeri gəlmişkən, bu əməliyyatın gedişində Rusiya Müdafiə Nazirliyi humanitar cavab tədbirlərinin operativ həlli üçün BMT nümayəndələri, xüsusilə də Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi ilə sıx əməkdaşlıq edir. Vəziyyətin nizamlanmasının bundan sonrakı gedişi Ukrayna tərəfinin kompromislər axtarmaq istəyindən asılı olacaq. Beləliklə, hazırkı vəziyyət ümumdünya təşkilatının sülhməramlı kontingentinin heç bir iştirakını nəzərdə tutmur.
- Rusiya və Ukrayna arasında razılaşmalar əldə olunarsa, onları möhkəmləndirəcək BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbuluna ehtiyac olacaqmı?
- Hazırda tərəflərin konkret razılıq əldə etmədiyi bir vaxtda BMT Təhlükəsizlik Şurasının bu razılığı rəsmən təsdiqləyəcəyi qətnaməsinin qəbulundan danışmaq tezdir. Baxmayaraq ki, bunu istisna etməyə dəyməz. Xatırladım ki, Minsk razılaşmaları 2202 saylı qətnamə ilə təsdiqlənib, lakin bu, Ukrayna tərəfindən onların icrasına təsir göstərməyib.
Öz növbəsində, Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyət və Şuranın müvafiq sənədinin mətni üzərindəki iş nəzərdən keçirilərkən biz Rusiyanın narahatlığının nəzərə alınması, o cümlədən bu ölkənin ərazisində yerləşən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün fəal səylər göstəririk.
- Rusiya dəfələrlə bəyan edib ki, Ukrayna tərəfi Minsk razılaşmalarına əməl etmir. Təhlükəsizlik Şurasının müvafiq 2202 saylı qətnaməsinə xitam verilməsi məsələsini qaldırmağın vaxtı çatmayıbmı?
- “Saysız-hesabsız danışıqlara və onların icrasına dair çağırışlara baxmayaraq, Ukrayna Minsk Tədbirlər Paketi üzrə birbaşa öhdəliklərinin uzun illər sabotajı ilə məşğul olub. Dəfələrlə bəyan etdiyimiz kimi, Donbasdakı münaqişənin sülh yolu ilə həlli Minsk razılaşmalarının Kiyev, Donetsk və Luqansk tərəfindən hökmən yerinə yetirilməsi şərtilə mümkün idi.
Lakin müqavilələr imzalanan andan Ukrayna hakimiyyəti açıq şəkildə onların əhəmiyyətsizliyini qeyd etdi və Donbasla birbaşa dialoqdan qəti şəkildə imtina edərək onları yerinə yetirmək istəmədi. Bu, Tədbirlər Paketinin faktiki olaraq qüvvədən düşməsinə səbəb oldu. Biz onun bərpası üçün heç bir ilkin şərt görmürük.
Minsk razılaşmalarını təsdiq edən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinə xitam verilməsi məsələsinə gəlincə, bu, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni sənədin qəbulunu tələb edir. Mövcud vəziyyəti nəzərə alsaq, indiki mərhələdə belə bir addımın atılması bizə qeyri-real görünür.
- Vizaların verilməsi və rus diplomatlarının təşkilatın Nyu-Yorkdakı Daimi Nümayəndəliyindən qovulması ilə bağlı problemləri nəzərə alsaq, BMT-nin mənzil-qərargahının başqa ölkəyə köçürülməsi ideyasının perspektivi varmı?
- Biz BMT-nin qərargahının neytral dövlətə köçürülməsi ideyasına müsbət yanaşırıq. Belə bir addım dövrümüzün qlobal çağırışlarına kollektiv cavabların axtarışı kimi mürəkkəb prosesin üzərindən lazımsız gərginliyi götürməyə imkan verərdi. Bundan əlavə, bizim işimiz indikindən qat-qat az siyasiləşdirilərdi.
Son zamanlar Birləşmiş Ştatlar birtərəfli siyasi mənfəət əldə etmək və digər ölkələrin missiyalarına təzyiq göstərmək üçün BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi mövqeyindən daha çox sui-istifadə edir. Bu cür hərəkətlər həmçinin 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında və 1963-cü il tarixli Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasında təsbit edilmiş əsas beynəlxalq hüquq normalarını pozur.
Bununla belə, Birləşmiş Millətlər Təşkilatı ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında BMT-nin Mərkəzi müəssisələrinin yerləşməsi haqqında 26 iyun 1947-ci il tarixli Sazişə uyğun olaraq, BMT-nin ofisinin (Nyu-York) yerdəyişməsi yalnız Təşkilatın qərarı ilə mümkündür.
Onun qəbulu üçün, xüsusən də belə bir addımın əhəmiyyətli maliyyə xərcləri nəzərə alınaraq, hamının və ya ən azı toplanması hazırda qeyri-real olan BMT-yə üzv dövlətlərin əksəriyyətinin razılığı lazımdır. 2014-cü ildə katiblik binasının, o cümlədən hazırda bütün müasir texniki standartlara cavab verən Baş Assambleya zalının əsaslı yenidən qurulmasının artıq başa çatdırılması sözügedən təşəbbüsü çətinləşdirir.
Biz öz tərəfimizdən amerikalıların qeyri-konstruktiv siyasətinə fəal şəkildə qarşıyıq, bu məsələni müvafiq ixtisaslaşmış qurumların iclaslarında, xüsusən Baş Assambleyanın əsas komitələrində müntəzəm olaraq qaldırırıq. Yığılıb qalan problemlərin həlli üçün BMT Baş Katibindən daha israrlı addımlar tələb edirik. Biz bu məsələyə yüksək əhəmiyyət verməyə davam edəcəyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.