BAKI, 14 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 160 mln. manat təşkil edib. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. manat və ya 10,3% artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib. Komitədən bildirilib ki, cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 381,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,3%-i əhali tərəfindən istehlak olunub.
Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-fevral aylarında real ifadədə 7,4% artıb. Xatırladaq ki, 2020-ci ilin mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,3%-ni təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.