BAKI, 14 mart — Sputnik. Azərbaycanda 32 nəfərə sümük iliyininin köçürülməsi üzrə cərrahi əməliyyat yerinə yetirilib. Sputnik Azərbaycan xəbər verir ki, əməliyyatlar "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ödənişsiz həyata keçirilib.
Cərrahi əməliyyatlar "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.
Qeyd edək ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ödənişsiz həyata keçirilir.
Məlumat üçün bildirək ki, sümük iliyindən kök hüceyrələrin toplanması əməliyyatxana şəraitində ümumi anesteziya altında həyata keçirilir. Sümük iliyindən toplanan kök hüceyrələr müxtəlif filtrləmə proseslərindən keçirildikdən sonra xəstəyə infuziya olunur.
Donordan toplanan kök hüceyrələr ümumi kök hüceyrə miqdarının kiçik bir hissəsini təşkil etdiyi üçün verici üçün heç bir təhlükə daşımır. Transplantasiyadan sonra 3 həftə ərzində sağlam kök hüceyrələrdən qanyaranma başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.