BAKI, 14 mart — Sputnik. Yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb. Sputnik Azərbaycan xəbər verir ki, ötən axşamdan dolaylara yağan qarın hündürlüyü 5 santimetrə çatıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 saylı "Magistral yolların istismarı" MMC-nin 10 nəfərlik işçi qüvvəsi sübh tezdən 2 ədəd avtoqreyder və 2 ədəd duzsəpənin köməyi ilə dolaylarda təmizləmə işləri həyata keçirir.
Günortaya yaxın 15 kilometrlik Ağsu dolaylarında, xüsusilə daha təhlükəli olan Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 145-ci və 146-cı kilometrliyində yol qardan təmizlənib, avtomobillərin normal hərəkəti təmin olunub.
Lakin günün ikinci yarısında da qar yağmaqda davam edir. Bu gecə yolun buz bağlayacağı təhlükəsi yaranıb.
MMC-nin mütəxəssisləri sürücülərə gecə Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görürlər. Xüsusilə, dolaylar nasaz və köhnə şinli avtomobillər üçün daha çox təhlükəlidir. Dolaylardakı duman da sürücülər üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır.
Xatırladaq ki, mart ayının 12-dən etibarən dağlıq bölgələrdə qar yağışı davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.