HƏRBİ

Nazirliyin ardınca Baş Prokurorluq da müraciət yaydı

Müraciətdə deyilir ki, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış informasiyaların yayılması qanunvericiliklə məsuliyyətə səbəb olur.
Sputnik
BAKI, 13 mart - Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu media vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə deyilir:
"Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır".
Daha sonra müraciətdə deyilir ki, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur:
"Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, Müdafiə Nazirliyi də vətəndaşlara müraciət edib:
"Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.
Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb
Bildiririk ki, yayılan bu video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir. Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.
Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.
Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - deyə müraciətdə bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.