BAKI, 13 mart - Sputnik. Rusiya dövlət borcu ilə bağlı öhdəliklərdən imtina etmir və Qərb ölkələri qızıl-valyuta ehtiyatlarını açana qədər onu rublla ödəyəcək. RİA Novosti-nin xəbərinə görə, belə bir açıqlama ilə Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə bu, “tamamilə ədalətlidir”:
“Bizim qızıl-valyuta ehtiyatlarımız, o cümlədən Milli Rifah Fondu dondurulub. Öhdəliklərimizi, o cümlədən borcumuzu yerinə yetirməkdə problemlərimiz var”, - deyə o, “Rossiya 1” kanalına müsahibəsində izah edib.
Siluanov bildirib ki, Qərb Rusiyanın Çin yuan-ındakı ehtiyatlarına çıxışını, eləcə də ÇXR-lə qarşılıqlı ticarəti məhdudlaşdırmaq üçün Pekinə təzyiq göstərməyə çalışır:
“Düşünürəm ki, Çinlə tərəfdaşlığımız hələ də əldə etdiyimiz əməkdaşlığı qoruyub saxlamağa və Qərb bazarlarının bağlandığı şəraitdə onu nəinki qoruyub saxlamağa, hətta artırmağa imkan verəcək”, - deyə nazir əlavə edib.
Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiyanın həyati əhəmiyyətli malların istehsalını və hesablaşmalarını təmin etmək üçün kifayət qədər vəsaiti var:
"Bizim büdcədə kifayət qədər resursumuz var. Mərkəzi Bank maliyyə sistemini lazımi likvidliklə təmin edəcək".
Nazirin sözlərinə görə, hazırda Rusiya bankları yeni sanksiyalara görə çətin vəziyyətdədir, lakin kapital ehtiyatları hətta məhdudiyyətlərə məruz qalanların da fəaliyyət göstərməsinə imkan verir:
"Ölkə daxilində bütün hesablaşmalar aparılır və aparılacaq. Müştərilərin xarici tərəfdaşlarla hesablaşmalarında məhdudiyyətlər olacaq. Amma hesab edirəm ki, kredit təşkilatlarımız bu şəraitdə öz işini yenidən quracaqlar".
Siluanov onu da əlavə edib ki, dövlət banklara kömək etmək üçün lazım olan hər şeyi edəcək.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün hərbi əməliyyata başlayıb. Rusiya SQ bildirir ki, onlar yalnız hərbi infrastrukturu və Ukrayna qoşunlarını hədəfə alırlar. Hər iki tərəfdən ölənlər var.
Bundan sonra bir çox Qərb ölkələri Rusiyaya qarşı, ilk növbədə bank sektoruna (xüsusən də Mərkəzi Bank məhdudiyyətlərə məruz qalıb) və yüksək texnologiyalı məhsulların tədarükünə qarşı irimiqyaslı sanksiyalar elan edib. Bundan əlavə, bir çox brendlər ölkədə işlərini dayandırdığını açıqlayıb.
Kreml bu tədbirləri başqa heç kimi olmayan iqtisadi müharibə adlandırıb. Eyni zamanda, hakim dairələr hadisələrin bu cür inkişafına hazır olduqlarını və sosial öhdəlikləri yerinə yetirməyə davam edəcəklərini vurğulayıblar. Hazırda Rusiya Mərkəzi Bankı valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.