BAKI, 12 mart – Sputnik. Ötən axşamdan şimal-qərb bölgəsində yağmağa başlayan qar səhərə yaxın daha da intensivləşib.
Şəkinin Şin, Baş Göynük, Baş Layısqı, Kiş, eləcə də Oğuzun Baş Daşağıl, Muxas, Filfilli kəndlərinə daha çox yağıntı düşüb. Baş Daşağıl kəndində və bəzi ərazilərdə qarın qalınlığı 40 sm-dən çox olub.
Sakinlər qarın yağmasını sevinclə qarşılasalar da, ağaclardakı tumurcuqların məhv olmasından narahatdırlar. Güclü qar yollarda nəqliyyatın hərəkətində çətinliklər yaratsa da, qısa müddət sonra gediş-gəliş tam bərpa edilib. Elektrik enerjisinin verilməsində isə hələlik heç bir fasilə yaranmayıb.
Bəzi dağlıq və dağətəyi yaşayış məntəqələrində havanın temperaturu da -4, -6 dərəcəyədək enib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.