AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Sputnik
BAKI, 12 mart - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
“Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.
Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, - deyə təbrikdə qeyd olunub.
Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.