İQTİSADİYYAT

İşçilərə ödənilən müavinətdən gəlir vergisi hesablanırmı?

Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara da gəlir vergisi hesablanmır.
Sputnik
BAKI, 11 mart — Sputnik. Müəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilən zaman işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı?
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyi, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verdikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.
Bundan başqa, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara da gəlir vergisi hesablanmır.
Qeyd edək ki, əmək müqaviləsi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbindən ləğv edilərkən, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.