BAKI, 11 mart — Sputnik. Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, Ruminyadan İtaliyaya qarğıdalı daşıyan "MV Kapitan Şiryagin" gəmisi Dardanel boğazından keçərkən saya oturub. Hadisə ilə bağlı açıqlama yayan Türkiyə nəqliyyat nazirliyi bildiri kib, gəminin sayadan çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirilir. Saya oturmuş gəminin uzunluğu 142 metrdir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib. Nazir konvensiyanın şərtlərinə əməl edəcəklərini bildirib.
Akar qeyd edib ki, Türkiyə Qara dənizin rəqabət məkanına çevrilməməsi üçün səylər göstərir: "Qara dənizin ən uzun sahilinə malik olan ölkə olaraq bu anlayışı mühafizə etdik.
Bütün danışıqlarımızda Türkiyə olaraq Qara dənizin sülh, dinclik və təhlükəsizlik mühiti olaraq qalması üçün səylər göstərdik. İndi də bu məsələyə belə baxırıq. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.