PAYTAXT XƏBƏRLƏRİ

İcra başçılarına ciddi xəbərdarlıq edilib

Ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib.
Sputnik
BAKI, 11 mart — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.
Qedy olunub ki, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.
Müşavirədə bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.
Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə film nümayiş etdirilib.
Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.
Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, "Abad məhəllə"lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.