PAYTAXT XƏBƏRLƏRİ

Bakıda 220 metr telefon-rabitə xəttini kəsərək oğurlayan şəxs saxlanılıb - VİDEO

Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb
Sputnik
BAKI, 10 mart — Sputnik. Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib.
Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib.
"Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.