BAKI, 9 mart — Sputnik. Milli geyimlərimizin gözəlliyi, unikallığı və bənzərsizliyi hər zaman dünya tamaşaçılarını heyran qoyub. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək naxışları, toxuculuq elementləri geyimlərimizdə öz əksini tapıb.
Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik istehsalı çox inkişaf etmişdi.
Bəs görəsən Azərbaycan Milli geyimlərinə indi münasibət necədir? Onun təbliği üçün hansı addımlar atılmalıdır? Sputnik Azərbaycan bunu araşdırıb.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli bildirir ki, hazırda Vətəndən uzaq olanlar milli dəyərlərimizə daha çox bağlıdır, nəinki ölkəmizdə yaşayanlar. Onun fikrincə, milli geyimlərimizin təbliğində filmlərin rolu çox böyükdür:
"Əfsuslar olsun ki, bu gün tarixi filmlər çəkiləndə də gedib həmin geyimləri Türkiyədən dizayner gətirirlər, tikdirirlər. Onlar da türk geyimləri tikirlər. Təəssüf ki, biz öz ölkəmizdəki mütəxəssislərə deyil, xaricdən gələnlərə daha çox üstünlük vermişik. Mənə elə gəlir ki, “bizim xalq heç nəyi bilmir”, “bizimkilər bunu bacarmaz” kimi kompleksləri aradan qaldırmalıyıq. Əslində biz istedadlı gənclərimizi layihələrə cəlb etməliyik ki, ortaya gözəl işlər çıxsın".
Bakı Milli Geyim Evi
© Sputnik / Shahperi Abbasova
Könül xanım bildirir ki, tarixi filmlər çəkiləndə yerli dizaynerlərdən istifadə etmək lazımdır:
"Mən dəfələrlə rejissorlarımıza təklif etdim ki, sizdən pul istəmirəm, gəlin bir tarixi film çəkin, mən sizə milli geyimlərimizi pulsuz verirəm. Razı olmadılar. Film çəkəndə gedib Kinostudiyada Sovet dövründən qalmış, bərbad geyimlərə üstünlük verirlər. Rəqs ansanbıllarında istifadəyə yararsız geyimlərdən istifadə edirlər. Onlar da elə vəziyyətdə olur ki, o geyimi heç kəs geyinmək istəmir. Bəlkə də gözəl bir tarixi film çəkilsə, orada nimdaş yox, gözəl geyimlərimiz nümayiş olunsa, hər kəsdə buna maraq oyanar".
Modelyer onu da qeyd edir ki, bir müddət insanlar xınayaxdılarda öz milli geyimlərimizi geyiniblər:
"Sonra xınayaxdı mərasimlərini təşkil edən xanımlar getdilər Türkiyədən ucuz geyimlər gətirdilər. Öz milli geyimlərimiz kölgədə qaldı. Xınayaxdılarımızı da türklər kimi keçirirlər. Musiqi olaraq da öz mahnılarımız deyil, “Yüksək yüksək təpələrə”ni oxuyurlar, gəlinin başına fırlanırlar".
Mütəxəssis bildirir ki, bu cür halların heç biri bizim qədim toy ənənələrimizdə yoxdur:
"Biz eyni millətik, amma hər xalqın özünün adət-ənənəsi var. Biz onların adətlərini icra edərkən, öz adətlərimizi unutmuş oluruq. Türkiyənin özündə belə, ayrı-ayrı bölgələrinin adət-ənənələri var. Onlar öz ənənlərini qoruyub saxlayırlar. Mən uşaqlıqda gördüyüm toy, xına, bayram ənənələri dəyişib. İndi hər şey qarışıb bir-birinə. Elə ona görə də xanımlarımız zəng edib Hürrəm Sultanın geyimini istəyirlər".
Bakı Milli Geyim Evi
© Sputnik / Shahperi Abbasova
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva isə bildirir ki, milli geyimlər son zamanlar daha çox tədqiq edilir. Onun sözlərinə görə, bayramlarda, toylarımızda, müxtəlif mərasimlərdə milli geyimlərin geyilməsi dəbə düşüb:
"Nəvələrim Amerikada yaşayır, mən hər il onların milli geyimlərini yeniləyirəm. Onlar da məmnuniyyətlə geyinib orada bu geyimləri təbliğ edirlər. Milli geyimlərimizlə bağlı kitablar da nəşr olunub. Mənim özümün də milli geyimlərin tikişi ilə məşğul olan firmam var idi".
Kübra xanım bildirir ki, milli geyimlərin özlərinin də növü var:
"Bayramlarda geyilən milli geyimlər mərasim geyimləridir. Yaşlı qadın üçün başqa geyim, gənc qız üçün başqa geyim olurdu. Onlar həm də rənglərinə, parçalaırna görə fəqrlənirdi. Bunu əksəriyyəti ayıra bilmir".
Bakı Milli Geyim Evi
© Sputnik / Shahperi Abbasova
Müsahibimiz bildirir ki, indi milli geyimlərin tendensiyası çox güclüdür. O bildiri ki, 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına qadın ipək baş örtüyü olan kəlağayı "ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib:
"Türk geyimləri də bir-birindən çox fərqlənir. Bizim milli geyimlər onlarınkına baxanda daha incə, daha yüngüldür. Bizim milli geyimlərimiz daha müasirdir. Eyni zamanda, rokoko, barokko üslüblürı bizim geyimlərimizə təsir edir. XIX əsrdən etibarən Fransadan, Almaniyadan, Rusiyadan gələnlər bizim geyimlərimizə gözəllik qatmaq üçün ona qırçınlar əlavə ediblər. Milli geyimlərimizdə gördüyünüz qırçınlar bizə aid deyil. Bizim geyimlərdə əslində çox incə tikmə ilə əlin üstü də örtülürdü".
Professorun fikrincə, milli geyimlərimizin təbliğində filmlərimiz rolu çox böyükdür:
"Təəssüf ki, bu gün tarixi filmlər çəkilmir. Bizimkilər ona görə türklərin geyimlərini sifariş verirlər ki, türklər filmlərini daha peşəkarlıqla tamaşaçıya çatdırırlar. Ona görə də bizimkilər istəyirlər ki, onların geyimlərini geyinsinlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.