BAKI, 9 mart — Sputnik. Dünən 162 nəfər azərbaycanlı Ukraynanın Poltava vilayətindən Lvov istiqamətinə göndərilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov bildirib.
Rada rəhbəri deyib ki, hər gün Ukraynanın müxtəlif şəhərlərindən qərb istiqamətinə təxliyə həyata keçirlir:
"Hazırda Ukraynanın müxtəlif şəhərlərindən hər gün qatarla təxliyə həyata keçirilir. Biz insanlara məlumat vermişik ki, qatarlar sərnişinləri pulsuz aparır, kim istəsə qatarla qərb istiqamətinə gedə bilər".
C.Məmmədov qeyd edib ki, hazırda gün ərzində Radaya 200-ə yaxın müraciət olur:
"Əsas müraciətlər Ukraynada vətəndaşlıq alan azərbaycanlılarla bağlıdır. Onlar arasında övladının yaş həqiqi hərbi xidmətə çatanlar var ki, onlar da Ukraynadan necə çıxa biləcəklərini soruşurlar. Biz isə onlara izah edirik ki, Ukrayna vətəndaşı olan, yaşı həqiqi hərbi xidmətə çatan heç bir azərbaycanlı Ukraynanı tərk edə bilməz. Müharibə şəraitində olan ölkədə bu mümkün deyil".
Rada rəhbəri digər azərbaycanlıların təxliyəsində problem olmadığını bildirib. O, bir neçə gün əvvəl 55 azərbaycanlının Kiev-İstanbul reysi ilə Vətənə göndərildiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.