BAKI, 8 mart - Sputnik. Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. 8 mart 2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib.
Bu barədə Report-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib.
"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir", - məlumatda qeyd olunub.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on üç gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.