BAKI, 8 mart — Sputnik. Dan yeri ağarmadan, sükutun pozulması ilə Qumral xanımın sübh tezdən yuxudan ayılmasına səbəb iş yerinə vaxtında çatmaq istəyidir. İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində yaşayan Bakı şəhər sakini Qumral Məmmədli ötən ilin payızında şagirdlərə elm aşılamaq üçün paytaxtdan bura üz tutub. Həftədə iki gün olmaqla, səhər saatlarında kəndin dolaylı küçələrindən keçərək Mollaisaqlı kənd tam orta məktəbinə üz tutan müəlimə, sinfə daxil olanda şagirdlərini fransız dilində salamlayır.
Bakı Dövlət Universiteti (bakalavr) və Azərbaycan Dillər Universitetində (magistr) təhsil almış gənc müəllimə ilk pedaqoji fəaliyyətinə paytaxt Bakıda başlasa da, daha sonra ucqar kənddə işləməyə qərar verib. Bu qərarı onu istəyinə bir addım da yaxınlaşdırıb. Onun sözlərinə görə, peşəsinin müqəddəsliyini nlayan müəllim üçün harada dərs deməyin əhəmiyyəti yoxdur. Yetər ki, onun biliyindən kimsə faydalansın.
İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində
© Sputnik / Reshad Rashidov
"Ucqar kənd məktəblərindən birini seçmək istəyimi valideyinlərimə deyəndə bir qədər təəccüblə qarşılasalar da, buna etiraz etmədilər, əksinə mənə dəstək oldular. Baxmayaraq ki, bu qərarı mən özüm vermişdim. Lakin sonrakı proseslərin necə olacağını bilmirdim, qaranlıq gəlirdi mənim üçün. Şəhər mühitindən kənd mühitinə gəlmək bir az çətin görünürdü. İndi düşünrəm ki, bu işin öhdəsindən gəlmişik, istər kollektivin, istər rəhbərliyin, istər şagirdlərin, istər də kənd camaatının sevgisini qazanmışam. Mən də eynilə onların mənə olan sevgisini qaytarmağa çalışıram" - deyir Qumral müəllimə.
İşini və şagirdlərini sevən müəllimə sinifdə dərslərini həvəslə, bir qədər fərqli üsulla keçir. Məhz bu istək onu şagirdləri ilə daha da doğmalaşdırıb.
Qumral müəllimə deyir ki, şəhər məktəbindən gəlib əyalətdə işləmək kifayət deyil, məqsədi uşaqlara stimul vermək, elmə və təhsilə qarşı bir maraq yaratmaqdır: "Düşünürəm ki, bunun öhdəsindən gəlirik, artıq uşaqlarda o stimulu görürəm. Adətən kənd yerlərində uşaqlar rayon mərkəzinə, şəhər müəllimlərinin yanına üz tutur. Amma mənim məqsədim şəhər müəllimin kənddə olan şagirdlərin yanına gəlməsi, onlara istədiyi kimi təhsil verməsidir. Ona görə də buradayam, əlimdən gələni edirəm ki, ucqar kənddə olan şagirdlər istəklərinə çata bilsinlər".
İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində
© Sputnik / Reshad Rashidov
Peşəsinin vurğunu olan qəhrəmanımız dərs saatını tamamladıqdan sonra kənd ərazisindəki qaldığı evə uz tutur. Paytaxtda doğulub boya-başa çatsa da, kənd həyatına da uyğunlaşdığını deyən Qumral xanım ev heyvanlarına da xüsüsi diqqət göstərir. Kənd həyatı ilə bağlılığı olmasa da, təsərrüfat işlərindən də çəkinmir. Vaxt olduqca bu işləri də sevərək gördüyünü deyir.
Günün ikinci yarsında Qumral müəllimə məktəbdən əlavə hazırlaşmaq üçün onun yanına üz tutan şagirdlərə vaxt ayırır. Özü də bu işi təmannasiz edir
İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində
© Sputnik / Reshad Rashidov
“Mən bu missiyanı ona görə öz üzərimə götürdüm ki, uşaqların fransız dilinə, elmə çox böyük marağı var idi. Bildiyimiz kimi kənd yerlərində müəllim yanına getmək o qədər də əlçatan deyil. Mən özüm onlara təklif etdim ki, istəsəniz, dərsdən sonra bir müddət biz fransız dili ilə məşğul ola bilərik. Təbii ki, bu bir növ ənənə formasında davam edir. Bir vaxtlar mənə də kömək edən müəllimlərim olub. Düşünürəm ki, mən də kimlərəsə kömək edim. Onlar bir fidan əkib, mən 10 fidan əkim, ondan sonra 100 fidan əkəcəklər və beləliklə qazanan elm olacaq, təhsil olacaq, insanlıq olacaq" - Qumral Məmmədli bildirir.
Mollaisaqlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Leyla Qasımlı deyir ki, getdikləri yol uğur yoludur: "Bu yolda müəlliməmiz təmənnasız şəkildə bizim əlimizdən tutur. O bir müəllimdən əlavə, bizə bir dost, doğma kimidir. Necə deyərlər, hər şey bir yanı ilə gözəldir, səmimiyyət isə büsbütün".
İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində
© Sputnik / Reshad Rashidov
Digər məktəbli Aysel Gidayevanın sözlərinə görə, Qumral müəllimənin şagirdlərə həm müəllimə, həm də əlavə olaraq yaxın insan kimi yanaşması, onun fənnini öyrənməyə əlavə stimul verir: "Yaxşı ki, bizim məktəbə gəlib, onu tanıdıqdan sonra müəllimliyə olan sevgimiz daha da artıb. Həm bizə qarşı, həm müəllimlərə qarşı çox mülayim, çox səmimi xarakterə sahibdir. İstərdim ki gələcəkdə Qumral müəllimə kimi bir müəllimə və bir insan olum".
İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində
© Sputnik / Reshad Rashidov
Məktəblilərlə hazırlıq prosesi axşam saatlarına qədər davam edir. Bununla da gününə yekun vuran müəllimə, növbəti gün dan yeri sökülmədən, sükutun pozulması ilə oyanmaq üçün otağına çəkilir.
İkinci evimiz olan məktəbdə doğmamıza çevrilən müəllimlərimiz böyük səbrlə bizə elm öytətməklə yanaşı mənəvi zənginliyi də aşılıyır. Müəllimlik elə bir peşədir ki, onun əməyinin qarşılığını heç cür ödəmək mümkün deyil. Onların əməyinin qarşılığı yalnız sevgidir .Bu sevgi isə heç vaxt azalmır, əksinə, çətin həyat yollarında biz onların dəyərini daha yaxşı anlamağa başlayırıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.