CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəllər qadınların qarnı sallaq olmurdu, çünki fiziki iş görürdülər - Estetik cərrah

Psixoloq bildirir ki, depressiyada olan, özünə inam əskikliyi olan insanlar var ki, onlar depressiyadan çıxmaq üçün bu yola üz tuturlar.
Sputnik
BAKI, 8 mart — Sputnik. Son zamanlar Azərbaycanda estetik və plastik əməliyyatlara maraq artıb. Bunun nəticəsi olaraq insanlar arasında bənzərlik artıb: oxşar burun, oxşar dodaqlar və s.
Maraqlıdır, qadınlar arasında estetika və plastik əməliyyatlara marağın artmasının səbəbi nədir və bunun psixoloji amillərlə bağlılığı varmı?
Sputnik Azərbaycan-a açıqlamasında estetik cərrah Mahmud İsmayılov deyir ki, qadınlar bir çox hallarda yaxınlarının, rəfiqələrinin, sevdikləri şəxslərin fikirlərini üstün tutaraq belə əməliyyatlara görə müraciət edirlər:

"Ümumiyyətlə, müraciət edənlərin əksəriyyətini qadınlar təşkil edir. Qadınların estetik əməliyyat etdirmək üçün ürəkləri gedir. Həyat yoldaşı, ya sevdiyi kişi desə ki, "filan yerindən xoşum gəlmir", ac qalacaq, hardan olsa pul tapıb gətirəcək, estetik əməliyyat etdirəcək, dodağını qaldıracaq, ya digər prosedurları reallaşdıracaq. Qadınlar müraciət edəndə adətən "qonşum, rəfiqəm, sevgilim mənə irad tutur" deyirlər. Yaxud da ki, "nişanlım mənə dedi ki, bu nədir, üzün qırışıb". Yəni, belə şeyləri özünə dərd edib əməliyyata gələnlər var".

Həkim deyir ki, ehtiyac olmadığı halda özü belə əməliyyat etməkdən imtina edib:
"Dəfələrlə olub, müraciət ediblər, mən estetik əməliyytdan imtina etmişəm. Başa salmağa çalımışam ki, sifətində bıçaq vurmalı yer yoxdur. Problem olmadıqda belə zorla pul verirlər ki, gəl bu əməliyyatı elə. Hətta imtina etdiyim xəstələrdən biri sonradan özəl klinikaların birində iranlı həkimin əməliyyatı zamanı dünyasını dəyişdi. Xəstənin ciyərində problem vardı. Dedim ki, kimdir bu vəziyyətdə səni əməliyyata salan?! O adamı əməliyyat edərsən ki, onun ehtiyacı olsun, əlavə xəstəliyi olmasın və dərisi elastik olsun. Dəri elastik olmazsa, əməliyyatdan sonra bükülmüş salfetə, kağıza bənzəyəcək".
Burun üzərində əməliyyat
Həkim deyir ki, sovet dövründə estetik əməliyyatlar əhəmiyyət verilmirdi, yer ayrılmırdı:
"Əməliyyatlar ancaq xəstənin sağlamlığı üçün icra olunurdu. Lakin illər ötdükcə məlum oldu ki, əməliyyatlarla insanları bir çox qüsurlardan azad etmək olar. Bizə müraciət edən qadınların 90 faizində burun çəpəri əyriliyi problemi var, nəfəs ala bilmirlər. Yaxud, elə xanımlar olur ki, süd vəzisinin həddindən artıq böyük olması probleminə görə müraciət edir. Süd vəzisinin altı bişməcə olur, boyun hissəsində ağrılar olur. Belə xanımlar məcburdur ki, əməliyyat üçün müraciət etsin. Düzdür, bunu gözəllik nöqteyi-nəzərdən də etdirənlər çoxdur. Qarın sallanması ilə bağlı da müraciətlər olur. Əvvəllər qadınların qarnı indikilər qədər sallaq olmurdu, çünki fiziki iş çox görürdülər. Lakin indi iki övlad dünyaya gətirəndən sonra qarın qalır və məcburi əməliyyat etdirirlər. Nənəmiz 15 uşaq dünyaya gətirirdi, amma bütün günü evdə fikizi işlə məşğul olurdu, heç qarnı da qalmırdı".
Psxioloq Elnur Rüstəmov mövzuya psixoloji aspektdən yanaşaraq bildirib ki, insanların şəxsi istəyinə bağlı olan bu əməliyyatlara görə müraciətlərin səbəbi müxtəlifdir:

"Bu şəxslərin hər birini danışdırsan müxtəlif səbəblər açıqlayacaq. Kimisi kompleks yaşadığı üçün, kimisi başqasının sözünə görə bunu edir. Davamlı olaraq estetik, plastik əməliyyat etdirənlərdə psixoloji problem özünü göstərə bilər. Belə vəziyyət psixoloji narahatlıq kimi dəyərləndirilə bilər".

Psixoloq Elnur Rüstəmov
Psixoloq deyir ki, yaxşı olardı ki, estetik və plastik əməliyyat üçün müraciət edənlərə bir psixoloji dəstək göstərilsin:
"Bəlkə psixoloji dəstəkdən sonra həmin adam bu əməliyyata müraciət etməyəcək. "Kimisi depressiya yaşayır, kimisi kompleksə düşərək estetik, plastik əməliyyat üçün müraciət edir ki, müəyyən dəyişikliyə nail olsun. Bu cür əməliyyatlara görə müraciət psixoloji amillə bağlı olduqda, izlədiyimiz təcrübələrdə də görürük ki, bir müddət sonra başqa problemlər ortaya çıxır. Həmin şəxs özünü rahat hiss etdikdən bir müddət sonra ola bilər ki, başqa bir şeyi kompleks etsin. Bunun üçün psixoloji dəstək alıb həyat keyfiyyətini qaldırmaq olar".
Elnur Rüstəmov onu da bildirir ki, depressiyada olan, özünə inam əskikliyi olan insanlar var ki, onlar depressiyadan çıxmaq üçün bu yola üz tuturlar:
"Lakin demək olmaz ki, müraciət edənlərin əksəriyyəti psixoloji problemlidir. Bunun üçün əlimizdə fakt, rəqəmlər olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Azərbaycanda estetik cərraha üz tutan kişilər artıb: populyar əməliyyatlar