BAKI, 6 mart — Sputnik. Dünən mərhum Ceyhun Mirzəyevin anım günü idi. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində və Moskvada təhsil alıb. 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı. O, kinostudiyada müxtəlif peşələrdə çalışıb: assistent, rejissor köməkçisi, aktyor, rejissor.
Bundan başqa o, güclü parodiyaçılıq qabiliyyətinə də malik olub. Mərhum aktyor bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını yamsılamağı bacarırmış. Hətta “Mozalan”nın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Son filmi “Fəryad” olub. Filmdə "Ögey ana" fimindəki İsmayılla "Fəryad" filmindəki İsmayıl eyni bir xarakterdə birləşdirilib. Aktyorun həyat yoldaşı Lidiya xanım danışırdı ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək... Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı. Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülüm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi.
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb”.
“Ögey ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968) “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989), ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradan Ceyhun Mirzəyev xarici film istehsalçılarının çəkdikləri “Kompanyeros” (1962, rejissorlar Yuri Romanovski, Aleksandr Milyukov, Mixail Tereşenko / Ukrayna) filmində Miqel rolunda, “Qara qağayı” (1962, rejissor Qriqori Koltunov / Rusiya) filmində Manolo rolunda, “Snayperlər” (1985, rejissor Bolotbek Şamşiyev / Qazaxıstan) filmində Salayev rolunda çəkilib. Rusiyanın “Fitil” kinojurnalınının “Qara və ağ” (1982, N241), və “Reaksiya” (1986, N284) süjetlərini çəkib. “Azərbaycanfilm” kinostudiyasının “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. Bir müddət “Mozalan”ın bədii rəhbəri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.