BAKI, 5 mart — Sputnik. Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb. Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır. "Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir.
Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib. Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daim əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir".
Xarkovda həyatını itirən azərbaycanlılar kimdir?
Bu arada Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun məlumatına görə, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.
Xarkovda daha iki azərbaycanlı ailə məhv oldu
Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov bildirib ki, hadisə martın 4-də baş verib:
“Nəticədə ev sahibi, həyat yoldaşı və ev sahibinin qayınanası dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.
Dünən axşam saatlarında isə Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
"Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur", - deyə Mahmud Qurbanov vurğulayıb.
Qeyd edək ki, Ukraynada aparılan əməliyyatlarda daha əvvəl 3-ü bir ailənini üzvü olmaqla 11 azərbaycanlı həlak olmuşdu.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: