HADİSƏ

Xarkovda daha iki azərbaycanlı ailə məhv oldu

Xarkovda atəş və dəbombardman nəticəsində ötən gün axşam saatlarında bir ailənin dörd üzvü, bu gün isə digər ailənin üç üzvü həlak olub.
Sputnik
BAKI, 5 mart — Sputnik. Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, hadisə martın 4-də baş verib: “Nəticədə ev sahibi, həyat yoldaşı və ev sahibinin qayınanası dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb.
Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.
Xarkovda azərbaycanlı ailə həlak oldu
Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.
O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.
"Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur", - deyə Mahmud Qurbanov vurğulayıb.
Qeyd edək ki, Ukraynada aparılan əməliyyatlarda daha əvvəl 11 azərbaycanlı həlak olub.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.