BAKI, 5 mart — Sputnik. Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır.
Sputnik Azərbaycan SOCAR-a istinadən verdiyi məlumata görə, Azərbaycanda Qalmaz və Qaradağ olmaqla, iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3,5 mlrd. kubmetrə bərabərdir.
Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu diqqətə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur.
Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır.
Xatırladaq ki, 4 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 411,3 dollaradək yüksəlib.
Həftə ərzində Avropada qazın qiyməti 119 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.