SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev BMT-li qonağa: "Heç kim bizə kömək etməyə hazır deyil"

İlham Əliyev deyib ki, hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur.
Sputnik
BAKI, 5 mart - Sputnik. Biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir.
Bu sözləri Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən bildirib.
“Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir ”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Heç kim bizə kömək etməyə hazır deyil
İlham Əliyev deyib ki, hazırda Azərbaycanın qarşısında böyük çağırışlar var.
"Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir", - Əliyev deyib.
İndiyə qədər Azərbaycanın nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almadığını qeyd edən dövlətimiz başçısı deyib:
“Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur”.
Biz işğala son qoyduq
Prezident xatırladıb ki, işğaldan azad olunmuş bütün ərazilərdə hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilib.
İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyi üçün icraçı direktora minnətdarlığını bildirən dövlətimizin başçısı deyib:
“Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı. Lakin torpaqlarımızın azadlığı uğrunda müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaqdır. Səbirli olmaq lazımdır. Eyni zamanda, ölkəyə sadiq olmaq və məqsədə nail olmaq üçün hər gün işləmək lazımdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Biz işğala son qoyduq. Biz torpağımızdakı şər qüvvələrə son qoyduq”.
Prezident diqqətə çatdırıb ki, BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq Ermənistana ciddi təzyiq göstərilmirdi. “Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.