BAKI, 4 mart — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin martın 2-də keçirilən iclasında vacib qanunlara dəyişikliklər edilib.
Komitə sədri Tahir Mirkişili "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişikliklərin oxşar xarakterdə olmasını qeyd edərək bildirib ki, hər iki sənəd "Media haqqında" qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.
Tahir Mirkişili bildirib ki, yeni qəbul edilən "Media haqqında" qanunda teleradio yayımı subyektlərinin təsnifatı dəyişdirilib. Təklif olunan dəyişikliklər yeni qəbul olunan audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırmanı nəzərdə tutub.
Komitə sədri siyahıdakı "Bakı şəhəri üzrə televiziya yayımı" fəaliyyət növünün ləğv edilərək, yeni qanuna müvafiq olaraq təsnifatda "ümumölkə yerüstü televiziya yayımçısı" və "regional yerüstü televiziya yayımçısı" fəaliyyət növləri təsbit edildiyinə diqqət çəkib.
Vurğulanıb ki, rüsumlar demək olar olduğu kimi qalıb, amma ümumölkə yerüstü televiziya yayımçısı üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib. Bu da dövlətin media sahəsinə növbəti dəstəyidir.
İclasda deputatlar dəyişiklikləri dəstəkləyiblər və qanun layihələrini birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.
Sonra komitə sədri Tahir Mirkişili gündəliyin 3-ci məsələsi olan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb. Məsələ barədə qısa izahat verən Komitə sədri dövlət əmlakının özəlləşdirilməsi nəticəsində daxil olan vəsaitin istifadəsi mexanizmi barədə danışıb və layihənin təqdimi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə söz verib.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əvvəlcə rəhbərlik etdiyi qurumun özəlləşdirmə sahəsində apardığı işlər, bu istiqamətdə hökumətin prioritetləri, tətbiq oluna yeniliklər və şəffaflığın təmini tədbirləri barədə qısa məlumat verib. Mətin Eynullayev təklif olunan dəyişikliklər barədə bildirib ki, mövcud qanunvericilikdə özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar təsbit olunub.
Təklif olunan dəyişiklikdə isə bu vəsaitlərin istifadə məqsədləri dəqiqləşdirilib və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib. Qeyd olunub ki, qanun layihəsi bu sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcək.
İclasda Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı dəqiqləşdirmə xarakterli "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə və üçüncü oxunuşda olan "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu iki sənəd də səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Müzakirə olunan məsələlərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək fikirlərini bildiriblər, rəylərini səsləndiriblər.
İclasda deputatlar Məşhur Məmmədov, Mahir Abbaszadə, Anar Məmmədov, Ağalar Vəliyev, Məzahir Əfəndiyev, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və digər rəsmi şəxslər iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.