BAKI, 4 mart — Sputnik. Təhsil naziri 8 Mart - Qadınlar günü münasibətilə valideynlərə müraciət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur.
O, bildirib ki, neqativ hallara yol verilməməlidir:
"Bu, nazirliyin birmənalı mövqeyidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntimiz odur ki, neqativ hallara yol verməsinlər. Valideynlər tərəfindən isə xüsusilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik. Mən xahiş edirəm ki, Təhsil Nazirliyinin "Qaynar xətti"nə və digər formada bu məsələ barədə müraciətlər varsa, konkret olsun".
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik. Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar tnictimaishura@gmail.com elektron poçt ünvanına müraciət edə bilərlər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.