BAKI, 4 mart — Sputnik. Həftənin əsas hadisələri: 28 fevral - 4 mart
Neftin qiyməti Rusiya və Ukrayna arasında danışıqlar fonunda yeni rekordlar qırır, Ermənistanın baş naziri isə Azərbaycanla sülh imzalamağa hazırlaşır - buna və daha çoxuna həftənin yekunlarında baxın.
Moskva və Kiyev mülki şəxslərin hərbi əməliyyat zonasından çıxarılması üçün humanitar dəhlizlər yaratmaq barədə razılığa gəliblər. Bu, martın 3-də keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun əsas nəticəsidir. Tərəflər evakuasiya zamanı bu ərazilərdə atəşkəsin elan olunması barədə razılığa gəliblər.
Ukraynalı nümayəndələr ümid etdikləri nəticəni almadıqlarını, Rusiya təmsilçiləri isə bəzi məsələlərdə tərəflərin razılığa gəldiyini bildiriblər.
Bu və ya digər şəkildə, irəlidə danışıqların başqa raundu var - yaxın günlərdə onun keçirilməsi planlaşdırılır. Rusiyaya qarşı sanksiyalara görə neft tədarükü ilə bağlı risklər artır.
Brent markalı neftin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə bir barel üçün 113 dolları ötüb. Artım on faizlə hesablanır.
Bu arada qazın qiyməti də tarixi maksimumunu təzələyib - min kubmetr üçün 2,2 min dollardan çox olub.
Ermənistan isə Azərbaycanla sülh imzalamağa hazırlaşır. Baş nazir Nikol Paşinyan bir gün əvvəl bildirib ki, Bakı ilə sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir.
Xüsusilə, söhbət regional kommunikasiyaların açılmasından və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasından gedir.
Qusarda Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin I Forumunun açılışı olub. 100-ə yaxın şəxs iştirak edib. Bir gün yarım ərzində iki ölkənin gənc mütəxəssisləri və könüllüləri doqquz diskussiya platformasında iştirak ediblər, eləcə də təlim sessiyası keçiriblər.
Azərbaycan ilk dəfə Pekində start götürəcək Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Qış Oyunlarında ilk və yeganə azərbaycanlı paralimpiyaçı martın 9-da Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadədir.