CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenidən "smart" tipli sayğaclara keçid edilməsi təklif edildi

Yeni mexaniki su sayğacları ilə əvəzlənmə sərfiyyat üzrə hesablamaların təhrif olunmasına səbəb ola bilər.
Sputnik
BAKI, 3 mart — Sputnik. Azərbaycanda son dövrlərdə tətbiq edilən mexaniki qaz və su sayğaclarının ağıllı sayğaclarla əvəz edilməsi təklif edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilir ki, kommunal xidmətlər sahəsində diqqəti cəlb edən məqamlardan biri də ölkəmizdə informasiya texnologiyalarının sürətlə inkişaf və inteqrasiya etdiyi bir dövrdə qaz sərfiyyatı üzrə hesablamaların daha operativ və şəffaf qaydada həyata keçirilməsini təmin edən "smart" tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsi olub.
Məruzədə qeyd edilib ki, müasir tələblərdən irəli gələrək elektron su sayğaclarının tətbiqinin genişləndirilməsi əvəzinə bundan əvvəl istifadə olunan səkkizrəqəmli (kubmetr və litr göstəricili) mexaniki sayğacların sərfiyyatın dəqiq oxunması imkanlarını məhdudlaşdıran beşrəqəmli (yalnız kubmetr göstəricili) yeni mexaniki su sayğacları ilə əvəzlənməsi sərfiyyat üzrə hesablamaların təhrif olunmasına səbəb ola bilər.
Bu baxımdan məruzədə informasiya texnologiyalarının sürətlə inkişaf və inteqrasiya etdiyi bir dövrdə təbii qaz və içməli su sərfiyyatı üzrə hesablamaların daha operativ və şəffaf qaydada həyata keçirilməsi məqsədilə son zamanlarda tətbiq edilən mexaniki sayğacların əvvəlki qaydada "smart" tipli sayğaclarla əvəz edilməsi təklif edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.