CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar evdən çıxmadan DOST xidmətindən istifadə edə biləcəklər

Səyyar DOST xidmətləri ilkin mərhələdə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək.
Sputnik
BAKI, 3 mart — Sputnik. DOST Agentliyi tərəfindən vətəndaşlara səyyar xidmətlərin göstərilməsinə başlanılıb. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən vətəndaşlar səyyar xidmətlərdən yararlana biləcəklər.
Onlar DOST mərkəzlərinə getmədən əvvəlcədən sifariş verməklə səyyar DOST xidmətlərindən istifadə edəcəklər.
Səyyar DOST xidmətlərinin göstərilməsinə dair sifariş vermək istəyənlər DOST Agentliyinin rəsmi internet saytında yaradılmış "Səyyar DOST" sifarişi (http://dost.gov.az/seyyar-dost.php) funksiyasından istifadə edə və ya Çağrı Mərkəzi - 142 ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.
Səyyar DOST xidmətləri ilkin mərhələdə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək.
DOST İnkişaf strategiyasına uyğun olaraq, gələcəkdə DOST mərkəzləri istifadəyə veriləcək regionlarda da səyyar xidmətlərin təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub.
9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ödənişli ictimai işlərin miqyası genişlənəcək