BAKI, 3 mart — Sputnik.Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Bunu Nikol Paşinyan "Ermənistanın diplomatiya günü"nə həsr olunmuş tədbirdə deyib.
Sputnik Azərbaycan Ermənistan Baş nazirinin son açıqlaması ilə bağlı politoloq Fərhad Məmmədovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Politoloq Fərhad Məmmədov bildirib ki, Paşinyan sülh müqaviləsinin imzalancağının gündəlikdə olduğunu dedi: "Amma diqqət etməliyik ki, Ermənistan tərəfi Ukraynada baş verənlərdən əvvəl başqa şeylər deyirdi. Onlar bildirirdi ki, sülh sazişinin imzalanmasına hələ çox var. Bu bəynaat isə sülh müqaviləsi imzalanması məsələsinin artıq gündəmdə olduğunu göstərir".
Politoloqun fikrincə üç əsas istiqamət üzrə qərarlar qəbul edilməlidir: "Sərhədlərin açılması, kommunikasiyaların bərpası və sülh müqaviləsi bu gün əsas məsələlərdir. İndiki şəraitdə Rusiyaya tətbiq olunan sanksiyaların Ermənistana təsirləri də olacaq. Bu təsir yaxın həftələrdə özünü büruzə verəcək. Belə olan təqdirdə Ermənistan alternativ qazanc mənbələri əldə etmək üçün qonşuları ilə problemləri həll etməlidir. Bu böhran Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin həllini sürətləndirir. Azərbaycanın əsas şərti Ermənistanın ərazi iddialarından əl çəkməsidir. Bunun da forması Azərbaycan ərazi bütövlüyünün tanınmasıdır".
Millət vəkili Arzu Nağıyev də Paşinyanın son açıqlamasını şərh edib. O deyib ki, Paşinyanın bütün problemlərin həllini tapmasından sonra belə bir bəyanatla çıxış edib: "Azərbaycan diqtə edən tərəfdir. Biz sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı təkliflərimizi irəli sürmüşük. Eyni zamanda Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanmasından sonra mütləq şəkildə sülh müqaviləsinin bağlanmasının zamanı yetişib".
Arzu Nağıyev bildirir ki, Azərbaycan bütün proses boyunca məsələlərə yanaşmasını açıq şəkildə ortaya qoyub, indi söz Ermənistan tərəfdədir: "Ermənistanın bu prosesi uzatması daxili siyasətdəki problemlərdən qaynaqlanırdı. Bu gün Ermənistanı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmağın yolu sülh müqaviləsini imzalamasıdır. Düşünürəm ki, artıq Rusiya da bunu onlardan tələb edəcək. Çünki əks halda əraizlərimizdə qalan tör-töküntülərə qarşı anti-terror əməliyyatı baş verə bilər, sərhəddəki toqquşmalar uzana bilər. Ona görə də, Paşinyan regional siyasi vəziyyətə uyğun olaraq sülh sazişinə imza atmalıdır"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.