BAKI, 3 mart — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75% və ya 4,2 dollar artaraq 116,1 dollar təşkil edib.
Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar və ya 10,4% artıb.
Qeyd edək ki, dünən "Brent" markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları keçib. "Brent" markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollara çatıb. Qərbi Texas markalı neftinin aprel fyuçersləri isə 2,8 faiz artaraq 113,70 dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.