CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik tacirləri fürsəti fövtə vermir: Azərbaycanı Kolumbiyaya çeviriblər - VİDEO

Son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Sputnik
BAKI, 2 mart — Sputnik, Xalid Məmmədov. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, əməliyyatlar nəticəsində ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və satışı qadağan edilən 4 kiloqrama yaxın civə qanunsuz dövriyyədən çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıtda, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Ehtiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Həmin şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, "patı", "şüşə" adlandırılan 11 kiloqram metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, adları sadalanan şəxslər mütəşəkkil dəstə yaradıb Füzuli rayonunda əvvəlcədən planlaşdırdıqları ərazidə xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə edərək istifadələrində olan yük maşını ilə satmaq məqsədilə paytaxt ərazisinə gətiriblər.
Baş İdarə əməkdaşlarının Nəsimi və Sabunçu rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə Səbuhi Məmmədov, tanışı Saleh Sultanov və Elçin Nəhmətov saxlanılıblar. Səbuhi Məmmədov və Saleh Sultanovdan 9 kiloqram, Elçin Nəhmətov və onun Kürdəxanı qəsəbəsində torpağın altında saxlanc yeri kimi düzəltdiyi anbardan isə 18 kiloqram heroin, tiryək, marixuana, həmçinin metamfetamin aşkar edilib.
Baş İdarənin, eləcə də Cənub və Qərb bölgələrində regional şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində paytaxtda, eləcə də Lənkəran şəhərində, həmçinin Yevlax, Neftçala və Masallı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 32 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 31 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan çoxlu sayda plastik kartlar, eləcə də 4 kiloqrama yaxın civə aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin və kimyəvi maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.