BAKI, 2 mart — Sputnik. "Azərsu" ASC-nin əməkdaşı döyülüb.
Bu barədə Sputnik Azərbaycan-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 17-də "Azərsu" ASC-nin Abşeron rayon "Su-Kanal" İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən "Su-Kanal" İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 315-ci maddəsi "Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə" adlanır.
Həmin maddəyə görə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.