BAKI, 1 mart — Sputnik. Bu gün Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Bakıda doğulub-böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir. Rami Meirin yaradıcılıq universallığını əks etdirən “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunub.
Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alıb. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb.
Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi
© Sputnik / Shahperi Abbasova
Ekspozisiyanı sənətkarın kolleksiyasından olan köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri – dini əşyalar, zərgərlik məmulatları, silahlar, mis qablar, milli geyim elementləri tamamlayır.
Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu, özünəməxsus mədəniyyətə və cuhuri adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir.
Azərbaycan Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, Azərbaycan xalqı həmişə tolerant olub:
Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi
© Sputnik / Shahperi Abbasova
"Burada bütün millətlər, eləcə də yəhudilər sülh və əmin-amanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu sərgi bir ay davam edəcək. Ümid edirəm ki, hər kəs tərəfindən maraqla qarşılanacaq. Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib".
“Azərxalça” ASC-də istehsalat üzrə direktoru Əlisəfa Nuriyev deyir ki, sanki bu əsərlərdə azərbaycanlı və yəhudinin ruhu var: "Sənət, insanı və xalqı tərənnüm etməklə yanaşı, xalqlar arasında dostluq körpüsü yaradır. Cənab Meirinin əsərini xalqlar arasında körpü adlandırardım. Eyni zamanda, onun əsərlərini dünya açılan qapı hesab edirəm".
Millət vəkili Qənirə Paşayeva
© Sputnik / Shahperi Abbasova
Millət vəkili Qənirə Paşayeva isə çıxışında qeyd edib ki, burada doğulan, bu ölkəni sevən hər kəs bizim üçün dəyərlidir: "Rami Meirin əsərlərində Azərbaycan var. Bu bizim xalqımıza olan münasibətin göstəricisidir. Azərbaycanla yəhudi xalqı arasında həmişə dərin bir bağ olub. 44 günlük müharibə dövründə bunun bir daha şahidi olduq".
Rami Meir qeyd edir ki, doğma şəhərində olduğuna görə özünü xoşbəxt sayır. Meir bildirir ki, bu sərginin üzərində 10 il çalışıb: “Mən xalqımın etibarlı sənədli obrazlarını yaratmağı qarşıma vəzifə qoydum. Buna görə də kitabları, inqilabdan əvvəlki açıqcaları, köhnə qəzetləri, arxiv sənədlərini araşdırdım. Ağsaqqalların hekayələrini dinləyərək dağ yəhudilərinin həyatı haqqında daha çox məlumat əldə etdim. Bundan başqa, ritual qablar, zərgərlik məmulatları, xəncərlər, cib saatları yaratmaq üçün hansı materiallardan istifadə olunduğunu öyrəndim.
Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi
© Sputnik / Shahperi Abbasova
Dağ yəhudilərinin o dövrün geyimlərində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini tədqiq etdim. Bütün bu bilikləri rəsmlərə köçürdüm. Bütöv bir xalqın, onun mədəniyyətinin rəngarəng, orijinal obrazlarını qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək üçün rəsm dili mənə ən yaxşı ifadə vasitəsi kimi göründu".
O, xüsusi qeyd edib ki, dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanını əldə ediblər: “Xalqımız Qubanı ana yurdu adlandırır. Çünki məhz burada bizim analarımız uzun əsrlər boyu öz oğul və qızlarını dünyaya gətiriblər”.
Qeyd edək ki, sərgidə dağ yəhudilərinin tarixindən bəhs edən sənədli film də nümayiş olunacaq. Ölkəmizin aparıcı muzeylərindən birinin - Azərbaycan Milli Xalça Muzeyinin 55-ci - yubiley ilinə təsadüf edən “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgi aprelin 1-dək davam edəcək.