"Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sistemin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz. İlk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmayın. Həmçinin, qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin".