RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Nüvə üçlüyü" – Rusiya gücləndirilmiş heyətlə döyüş növbətçiliyinə başladı

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Putinə bu barədə məruzə edib.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Strateji Təyinatlı Raket Qoşunları, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiyanın gücləndirilmiş heyəti döyüş növbətçiliyini yerinə yetirməyə başlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı V.V.Putinə məruzə edib ki, onun əmrinə əsasən, Strateji Təyinatlı Raket Qoşunları, Şimal və Sakit Okean Donanmaları, eləcə də Uzaqmənzilli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb", - deyə Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə bildirilib.
Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.