BAKI, 28 fevral - Sputnik. Ukrayna danışıqlarda Rusiyadan bütün qoşunları çıxarmağı tələb edib.
Ukrayna Prezidenti ofisinin müşaviri Aleksey Arestoviç bildirib ki, Kiyev danışıqlarda bütün RF qoşunlarının Krım və Donbasdan çıxarılmasını tələb edib.
Bu barədə Ukraynanın Страна.ua saytı yazıb.
"Arestoviç bəyan edib ki, Ukrayna nümayəndə heyəti danışıqlarda bütün Rusiya qoşunlarının Ukraynadan, o cümlədən Krım və Donbasdan çıxarılmasını tələb edib", - saytın Teleqram kanalı yazıb.
Qeyd edək ki, Ukrayna-Rusiya nümayəndə heyətinin görüşü Belarusla sərhəddə, Pripyat çayının sahilində keçirilir.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib. Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.