BAKI, 28 fevral — Sputnik. Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün təşkil olunan ikinci çarter reysinin təyyarəsi bu gün saat 23:10-da Bakıya enəcək.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün iki çarter reysi təşkil edilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumatda qeyd olunub ki, "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyadan həyata keçirilən çarter reysləri ilə 174 Azərbaycan vətəndaşı ölkəyə qayıdacaq. Vətəndaşların artıq bir qismi birinci reyslə bu gün səhər saatlarında geri dönüblər.
Qeyd edək ki, Türkiyənin "Tailwind" aviaşirkəti ilə də daha 168 vətəndaş Bakıya çatdırılacaq. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"dəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanı quru sərhədi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya və Bolqarıstan arasındakı bütün sərhəd-keçid məntəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.