BAKI, 27 fevral — Sputnik. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Namik Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 30 qramdan artıq narkotik maddə olan tiryək, yaşadığı ünvandan isə təmiz çəkisi 1 kiloqram 200 qram olan tiryək və 205 qram psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bundan bir müddət əvvəl Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.